azerbaycan turizmi


Azərbaycan Turizm İnstitutunda bakalavr pilləsində təhsil alan tələbələrin ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş və 2011-ci ilin "Turizm ili" elan olunması münasibətilə "Azərbaycan turizmi: bu gün və sabah" mövsuzunda III respublika elmi-praktik konfransı keçirilmişdir.
Konfrans iştirakçıları tədbir başlamazdan əvvəl Baku Expo Centre sərgi mərkəzində keçirilən 10-cu Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi (AİTF 2011), həmçinin 2-ci Ümumrespublika daxili turizm sərgisi ilə tanış olmuşlar. Konfransı giriş sözü ilə Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov açaraq bugünkü konfransın adi bir tədbir olmadığını iştirakçıların diqqətinə çatdırdı. Konfransın əsas məramını açıqladıqdan sonra o, turizmin ölkəmizdə inkişafı və perspektivləri ilə bağlı ətraflı məlumat verərək dedi: "Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən 2011-ci ilin "Turizm ili" elan olunması ölkə başçısının milli mədəniyyətimizə, təbii sərvətlərimizə, sosial-iqtisadi sahədə qazanılacaq uğurların təmin olunmasına, turizm baxımından perspektivli regionlarda yeni iş yerlərinin açılmasına, müalicəvi xüsusiyyətli qaynaqlardan məqsədəuyğun istifadəyə göstərdiyi qayğının nəticəsidir".
Sonra o, ölkəmizin müxtəlif ali məktəblərinin bakalavr pilləsində təhsil alan tələbələrin turizm sahəsinə göstərdikləri maraqdan söz açdı. Konfransda Bakı Dövlət Universitetinin, Azərbaycan Turizm İnstitutunun, Bakı Slavyan Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Bakı İlahiyyat Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin tələbələri tərəfindən ümumilikdə 50 məruzə dinləniləcəyini bildirdi. Qeyd etdi ki, konfrans Azərbaycan turizminin inkişaf xüsusiyyətləri, regionların turizm ehtiyatları, turizmin iqtisadiyyatı və idarə edilməsi, turizmin marketinqi bölmələrində fəaliyyət göstərəcək. O, bakalavr pilləsində təhsil alan tələbələrin gələcəkdə turizmi ehtiva edən tədqiqatlar sahəsində uğurlu addımlar atmalarında bu toplantının sınaq mərhələsi olacağına əminliyini bildirdi və konfransın işinə uğurlar arzuladı.
Bakalavr pilləsində təhsil alan tələbələrin "Azərbaycan turizmi: bu gün və sabah" III Respublika elmi-praktik konfransında ATİ tələbələrindən Viktoriya Rodinanın "Azərbaycan Respublikası ərazisində müalicə turizmi", Elşən Qurbanovun "Gəncə-Qazax bölgəsinin turizm potensialı", Şahmar Xalıqovun "Lənkəran bölgəsinin balneoloji turizm ehtiyatları", Cəmilə Qasımovanın "Qəbələnin turizm potensialı" mövzularında məruzələri dinlənildi. Sonra digər ali təhsil ocaqlarının nümayəndələri- Bakı Dövlət Universitetinin tələbəsi Pərvanə İbrahimova "Qax-İlisu rayonunun turizm potensialı", Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Emin Yolçuyev "Beynəlxalq münasibətlərdə turizmin rolu", Bakı Slavyan Universitetinin tələbəsi Elnur Mustafayev "Şahdağ Qış-Yay Turizm Kompleksi", Naxçıvan Dövlət Universitetinin tələbəsi Əkbər Həbibbəyli "Naxçıvan Muxtar Respublikasında beynəlxalq turizmin inkişaf etdirilməsi və perspektivləri" mövzularında məruzələr etdilər. Qeyd etmək yerinə düşər ki, konfrans iştirakçıları məruzələri həm azərbaycan, həm də rus dillərində dinlədilər. Konfransın təşkilati işlərini həyata keçirən ATİ-nin turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri, tarix elmləri namizədi Bahadur Bilalov konfransa təqdim olunan məruzələrin xüsusi komissiyanın rəyi əsasında mükafatlandırılacağını diqqətə çatdırdı.
Konfransın sonunda məruzələri bəyənilən tələbələrə xüsusi mükafatlar təqdim olundu.
Azərbaycanda turizm müasir həyat tərzinin və mədəniyyətin mühüm atributu, beynəlxalq əlaqələrin bir forması kimi inkişaf etdirilir. Ölkədə “Turizm haqqında” Qanun (1999, 4 iyun) qəbul edilmiş, Gənclər, İdman və Turizm Nazirliyi (2001, 18 aprel) yaradılmışdı.

Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli Fərmanı ilə Mədəniyyət Nazirliyi və Gənclər, İdman və Turizm Nazirliyi ləğv olunaraq Mədəniyyət və Turizm Nazirliyi və Gənclər və İdman Nazirliyi təşkil edilmişdir. Respublikada 2006-cı ildən Turizm İnstitutu fəaliyyətə başlamışdır.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi İslam Konfransı Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova (GUAM) İqtisadi Əməkdaşlıq Təşkilatı, BMT-nin Asiya və Sakit Okean Regionu üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatı (OECD), Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Turizm Şurası və digər beynəlxalq regional təşkilatlarla turizm sahəsi üzrə əlaqələri inkişaf etdirir. Azərbaycan Respublikası 16 dövlətlə (Türkiyə, Çin, Polşa, İtaliya, Bolqarıstan, Yunanıstan və s.) turizm sahəsində əməkdaşlıq haqqında hökümətlərarası saziş imzalamışdır. 2002-ci ildən Bakı şəhərində hər il Azərbaycan Beynəlxalq Turizm Sərgisi – “AİTF” keçirilir, respublikanın turizm imkanları beynəlxalq turizm sərgilərində (London, Moskva, Berlin, İstanbul, Məsqət, Əl-Küveyt, Daşkənd, Tbilisi, Kiyev və b.) nümayiş etdirilir. 2006-cı ilin sentyabrında Azərbaycanda İslam Konfransı Təşkilatına üzv dövlətlərin turizm nazirlərinin 5-ci Konfransı keçirilmiş, “Bakı Bəyannaməsi” qəbul edilmişdir.

“Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq edildikdən sonra ölkədə turizm ehtiyatlarından səmərəli istifadə olunur. Respublika ərazisində turizmin inkişafını təmin etmək məqsədilə 2002-ci ildə beynəlxalq standartlara cavab verən 7 əsas (Bakı-Xaçmaz, Bakı-Astara, Bakı-Balakən, Bakı-Qazax, Bakı-Abşeron yarımadası-Qobustan, Bakı-Naxçıvan, Bakı-Şuşa) turist marşrutu müəyyənləşdirilmişdir. Ölkədə sahibkarlıq fəaliyyətinin genişlənməsi turizm sektorunun inkişafına və turizm sənayesinin formalaşmasına müsbət təsir etmişdir. Respublikada 206 hüquqi və fiziki şəxs turizm fəaliyyəti ilə məşğul olur (2006, avqust). “İmprotex Travel”, “Azal”, “Sİ LTD”, “BTİ Azerbaijan”, “Caspian travel” və b. ölkənin iri turist şirkətləridir. Xarici turistlərin qəbulu üzrə ən iri turoperator “İmprotex Travel” qonşu ölkələrin turist şirkətləri ilə “İpək yolu” alyansı yaradaraq kombinə olunmuş turlar təşkil edir.

Azərbaycanda 10661 nömrəsi olan 262 turist yerləşdirmə obyekti (TYO), o cümlədən 126 mehmanxana, 21 motel və 115 digər TYO fəaliyyət göstərir (2005). Mehmanxana xidməti sahəsində 4092 nəfər çalışır. TYO-ların istismarından əldə edilən gəlir 66510,9 min manat, büdcəyə daxil olan gəlir vergisi, ƏDV və digər vergilər 9441,1 min manat, istismar xərcləri 47312 min manat olmuşdur. 2005-ci ildə TYO-larda 264058 turist yerləşdirilmiş, 524947-si ölkə vətəndaşı olmaqla gecələmələrin sayı 1064758-ə çatmışdır. Turist səfərləri istirahət-əyləncə (79594), işgüzar (141933), müalicə (17701) və s. (24830) məqsədlər daşımışdır. Azərbaycan vətəndaşlarının 1829765 nəfəri xarici səfərlərə getmişdir (2005).

Bakıda dünyanın ən böyük mehmanxana şəbəkələrinə daxil olan beşulduzlu “Hyatt Regency” (1995), “Grand Hotel Europe” (1997), “Radisson SAS Plaza Hotel” (1998), “Park Hyatt Hotel” (1999), “Excelsior Hotel Baku” (2005) və b. fəaliyyət göstərir.

Azərbaycanda turizmin inkişafında vacib amillərdən sayılan qida sektoru formalaşmış, Milli Kulinariya Mərkəzi yaradılmışdır (1991). “Amburan”, “Karvansara”, “Bəh-bəh klub”, “Mc Donald’s”, “Pizza-nat”, “Patio-pizza”, “Oyster Fish House”, “Dolce Vita”, “Dəniz” restoranları və b. həm yerli əhalinin, həm də turistlərin ixtiyarındadır. Respublikada fəaliyyət göstərən milli, Avropa, Türk, Hind və Çin mətbəxli restoranların əksəriyyəti Bakıda yerləşir.

Turizmin inkişafı sosial problemlərin həlli, məşğulluğun təmin olunması və yaşayış səviyyəsinin yüksəlməsində mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 11 fevral 2004-cü il tarixli Fərmanına uyğun olaraq respublikanın turizm ehtiyatları ilə daha zəngin bölgələrində potensial imkanlar nəzərə alınır və turizmin inkişafı istiqamətində tədbirlər həyata keçirilir.

Respublikada turizmi inkişaf etdirmək məqsədilə Bakı, Xaçmaz, Şamaxı, Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Quba şəhərlərində və Lahıc qəsəbəsində turist informasiya mərkəzləri açılmışdır (2006).

Respublikanın iqlimi, zəngin təbiəti, maddi-mədəniyyət abidələri turizmin yeni növlərinin inkişafına imkan verir. Turizm ehtiyatları tarixi, ekoloji, ekzotik, təbiət, idman, mədəni turizm növlərinin inkişafı baxımından perspektivlidir.

Azərbaycanda dövlət tərəfindən qorunan 6308 tarix və mədəniyyət abidəsinin 65-i dünya, 2034-ü ölkə, qalanı isə yerli əhəmiyyətlidir. YUNESKO-nun Dünya İrs Siyahısına Azərbaycandan İçərişəhər, Şirvanşahlar sarayı və Qız qalası salınmışdır (2000). “İçərişəhər” Tarix-Memarlıq Qoruğunun ərazisindəki 10 dünya, 27 ölkə əhəmiyyətli abidə maraqlı turizm obyektləridir.

Əlverişli iqlim şəraiti (Lənkəran-Astara, Nabran-Yalama, Abşeron və b.), müalicəvi mineral sular, neft və palçıqlar (Lənkəran, Kəlbəcər, Naxçıvan, Naftalan Abşeron və b.) sağlamlıq turizminin inkişafına geniş imkan yaradır. Respublikada dövlət təbiət qoruqlarının (DTQ) və milli parkların (MP) sayının artması təbiət, ekoloji, ekzotik turizm növlərinin inkişafını sürətləndirmişdir. Soyuq iqlimli bölgələrdə (Kiçik Qafqaz, Naxçıvan, Şəki, Zaqatala, Qusar, Lerik, Şamaxı və b.) turizmin alpinizm, dağ-xizək idmanı növləri inkişaf etdirilir. Bakı, Maştağa, Gəncə, Quba, Naxçıvan, Lənkəran, Bərdə, Şəki, Şamaxı və digər ərazilərdə açılmış Olimpiya idman komplekslərində (OİK) milli, regional və beynəlxalq miqyaslı idman yarışlarının keçirilməsi turizm əlaqələrini genişləndirir. Şəkidə və Qubada OİK-lərin nəzdində müasir mehmanxanalar tikilmişdir.

Azərbaycan ərazisində ehtiyatlarının müxtəlifliyi, inkişaf səviyyəsi və perspektivliyinə görə seçilən 8 turizm bölgəsi vardır.